Med.Az - Azərbaycanın Tibbi Portalı > Səhiyyə > Donuz qripi virusundan istifadə edən işbazlar

Donuz qripi virusundan istifadə edən işbazlar


11 Noyabr 2009. Müəllif: Azerimed
Donuz qripi virusundan istifadə edən işbazlar 10 qəpiklik maska 1 manata, 60 qəpiklik OKSOLİN mazı isə 3 manata satılır.
Dünyanı növbəti dəhşət ağuşuna alıb. Belə ki, insanları vahiməyə salan Donuz qripi - H1N1 saniyə-saniyə sərhədləri aşaraq, əhatəsini genişləndirir. Azərbaycanda da sözügedən xəstəliyin sürətlə yayılması müvafiq qurumları ciddi addımlar atmalarına məcbur edib. Belə ki, Səhiyyə Nazirlikləri vətəndaşlara xüsusi maskalarda gəzməyi tövsiyə edir. Bu qorxulu qripin yayıldığı bütün ölkələrdə vaksinlər vurulur və lazımi tədbirlər görülür.
Bizdə isə belə bir xəstəliyin yayılması bəziləri üçün yaxşı ticarət oyununa çevrilib. Qiyməti 0,10 manatdan yuxarı olmayan maskaları indi əczaxanalarda 1 manatdan aşağı tapmaq mümkün deyil. Şəhərin bütün apteklərində qripə qarşı dərman pereparatları və maskalar yoxa çıxıb. FaktXəbər olaraq bir necə aptekə baş çəkdik. Maskalar minimum 1 manat, Oksolin adlı maz da əvvəllər 0,60 manat olsa da, indi 3 manatdan yuxarı satılır. (Oksolin mazı burun ətrafına vurulur ki, qrip yayan virusları zərərsizləşdirsin)
Tələbələr, müəllimlər hətta səhiyyə işçiləri də bildirdilər ki, maskaları özləri yüksək qiymətə alırlar. Azərbaycan Tibb Universitetinin Orxan Hüseynov (ad şərtidir – red.) tələbəsi bizimlə söhbətində bildirdi ki, “Əslində bizə maskalar və xüsusi dərman peraparatları pulsuz verilməlidir. Çünki dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılıb. Lakin bizə pulla satırlar. Özü də çox baha qiymətə. Biz ATU-nun tələbəsi olaraq, həmişə bu maskalardan istifadə edirik. 0,10 manata alırdıq, indi isə məcbur edirlər ki, konkret apteklərdən və çox-çox baha almalıyıq. Özü də bildirirlər ki, gələndə özünüzlə çek gətirməyi də unutmayın”.
Mövzuyla əlaqədar Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirdilər ki, biz ancaq dərmanların keyfiyyətinə və vaxtlarına nəzarət edirik. Bundan əlavə qaynar xətt yaratmışıq ki, baş verən neqativ hallarla əlaqədar vətəndaşlar o nömrəyə zəng vursunlar. Qiymətlərə isə İqtisadi İnkişaf Nazirliyində Anti-İnhisar Xidməti nəzarət edir. İqtisadi İnkişaf Nazirliyindən isə məsələdən xəbərsiz olduqlarını bildirdilər.
Qeyd etməliyik ki, qripə qarşı bütün vəsaitlər dövlət hesabına ödənilməlidır. Ümid edirik ki, yaxın günlərdə rəsmi qurumlar xalqın taleyinə acıyıb müvafiq qərar verəcəklər.

/Fakt Xəbər/