Med.Az - Azərbaycanın Tibbi Portalı > Endokrinologiya > Qoz ağacının yayıldığı ərazilərdə zob xəstələrinin sayı daha çox olur

Qoz ağacının yayıldığı ərazilərdə zob xəstələrinin sayı daha çox olur


24 Aprel 2009. Müəllif: Azerimed
Qoz ağacının yayıldığı ərazilərdə zob xəstələrinin sayı daha çox olur Qoz ağacının yayıldığı ərazilərdə zob xəstəliyinə tutulanların sayı daha çox olur. Çünki qoz ağacı yodun hamısını özünə çəkir
Endokrinoloq Süleyman Həsənovun sözlərinə görə, qalxanvari vəzin böyüməsinə zob deyilir və “zob” sözünün azərbaycanca qarşılığı budur: “Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. İlk növbədə, havada, torpaqda, suda və məişətdə istifadə edilən duzda yodun çatışmazlığıdır. Digər amillər kimi stress, radiasiya və birtərəfli qidalanmanı göstərmək olar. Arıqlama preparatlarından istifadə etmək də insanda zob xəstəliyi törədə bilər”. Süleyman həkim bildirdi ki, Naxçıvan, Şəki-Zaqatala, Quba-Qusar və cənub bölgələrində zob xəstəliyi geniş yayılıb. Maraqlı faktlardan biri də odur ki, qoz ağacının yayıldığı ərazilərdə zob xəstəliyinə tutulanların sayı daha çox olur. Çünki qoz ağacı yodun hamısını özünə çəkir, “Zob xəstəliyinin iki forması var: düyünlü və düyünsüz. El arasında bunlara zəhərli və zəhərsiz zob da deyirlər”, - edokrinoloq belə deyir.
Ürəyin tez-tez döyünürsə...

Endokrinoloq Süleyman: “Ürəyin tez-tez döyünməsi, titrəmə, tərləmə, arıqlama, tez yorulma, gözlərin qabağa çıxması, boynun ön səthində qabarıqlığın olması və digərləri bu xəstəliyin əlamətləridir. Əgər bu kimi halları özünüzdə müşahidə edirsinizsə, ilk növbədə endokrinoloqa müraciət edin. Bəzən insanlar səhvən digər mütəxəssislərə müraciət edirlər ki, bu da xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır. Zəhərli zobun müalicəsinə uzun zaman tələb olunur. Təxminən 12-18 ay. Lakin zob xəstəliyini tam şəkildə müalicə etmək olmur. Ümumiyyətlə, zobu iki üsulla müalicə etmək olar: dərman qəbul etmək və cərrahiyyə əməliyyatı. Radikal müalicə cərrahiyyə əməliyyatı hesab olunur “, - dedi. Süleyman həkimin dediyinə əsasən, beş halda zobu cərrahiyyə əməliyyatı ilə müalicə etmək olar. Dərman müalicəsinə tabe olmayan, qonşu orqan və toxumaların funksiyasını pozan, bədxassəli şişə çevrilmək təhlükəsi olan, tək ölçüsü 4 sm və ondan yuxarı olan zob formalarında, həmçinin xəstənin özünün bilavasitə istəyi ilə cərrahiyyə əməliyyatına getmək olar. Digər hallarda isə dərman müalicəsilə xəstəliyi aradan qaldırmaq məsləhətdir.
“Bir adamın yoda olan gündəlik tələbatı 150 mkq-dır”

İnsanlar təbii üsullarla yod çatışmazlığını aradan qaldıra bilərlər. Bunun üçün onlar tərkibində yod olan feyxoa, xurma, qoz, fındıq, rəngli meyvələr və dəniz məhsullarını qida rasionlarına daxil etməlidirlər. Kələm və gül kələmlərindən mütəmadi istifadə isə insanda zob xəstəliyinə yol aça bilər. İnsanların yodla təmin edilməsinin ən asan yollarından biri də qidalanma zamanı yodlaşdırılmış duzdan istifadə etməsidir.
”Azərbaycanda yodlaşdırılmamış duzun satışı geniş vüsət alıb və bu cür duzların tərkibində insan orqanizminə ziyan vuran ağır metallar üstünlük təşkil edir”, - deyən endokrinoloqun sözlərinə görə, bir adamın yoda olan gündəlik tələbatı 150 mkq-dır.

Qeyd edək ki, Azərbaycanda 2001-ci ildə duzun yodlaşdırılması haqqında qanun qəbul edilib. Bu qanuna əsasən, yodlaşdırılmamış duzun satışı və idxalı qadağan edilib. 2002-ci ilin avqust ayında isə ölkə prezidenti “Duzun yodlaşdırılması haqqında” qanunun icrası ilə əlaqədar fərman imzalayıb. Səhiyyə Nazirliyinin tövsiyəsi ilə Nazirlər Kabineti duzda yodun miqdarını müəyyənləşdirib. Həmin qərara əsasən, 1 qram duzda 30-50 mkq yod olmalıdır. Digər tərəfdən, yodun həddən artıq qəbulu insanın sinir sisteminə və qalxanvari vəzinə mənfi təsir göstərir. Bundan əlavə, məişətdə istifadə edilən duzu günəş şüaları altında və açıq şəraitdə saxlamaq düzgün deyil.

Mənbə: Zaman