
Bakıda gün ərzində təcili yardım xidmətinə 1600-1800 çağırış daxil olur. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, əvvəlki illərlə müqayisədə çağırışlar iki dəfə artıb.
Nağıyevin sözlərinə görə, əvvəlki illərdə gün ərzində təcili yardıma 800-900 şikayət daxil olurdu.
Baş həkimin müavini çağırışların artmasının səbəbini son illər əhalinin səhiyyəyə, təcili yardım xidmətinə etimadının, inamının artması ilə əlaqələndirib.
"Əvvəlki illərdə də Bakıda xəstələr çox olurdu. Lakin onlar dövlət tibb müəssisələrinə, təcili yardıma müraciət etmirdi, ev şəraitində, özəl tibb müəssisələrində, yaxud da ölkədən kənarda müalicə almağa üstünlük verirdi. Bu gün səhiyyəyə, tibbi yardım xidmətinə dövlət tərəfindən təminat var, həkimlər peşəkardırlar, tibb müəssisələri dərman və tibbi ləvazimatlarla tam təmin olunub. İndi dövlət tibb müəssisələrində xəstələri qəbul etməyə yer tapılmır. Bu səbəbdən də təcili yardıma müraciətlərin sayı dəfələrlə artıb", - Nağıyev vurğulayıb.
Nağıyev bildirib ki, ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 457 317 cağırış olub. Bu çağırışlar daha çox ürək-qandamar sistemi, qəfləti, yoluxucu, cərrahi xəstəliklər, infarktlar, bədbəxt hadisələr, zəhərlənmə və zədələnmələrlə bağlı olub.
Çağırışların yay və qış aylarında daha da artdığını deyən baş həkimin müavini bildirib ki, "103" xidmətinə hər mövsümə uyğun müraciətlər olur.
"Yayda ürək-qan-damar sisteminin xəstəlikləri, ümumi zəifliklə bağlı müraciətlər çox olur. Yayda tək-tək olsa da, qida zəhərlənmələri ilə bağlı müraciətlər olur. Lakin son illər Bakıda kütləvi zəhərlənmə hallarına rast gəlinmir. Qışda respirator xəstəliklər, soyuqdəymə, ürək-damar sisteminin xəstəlikləri, həmçinin şaxtalı havalarda xəsarətlər, zədələrlə bağlı çağırışlar daha çox qeydə alınır. Ötən yay gün ərzində təcili yardım xidmətinə 1700 çağırış daxil olub", - Nağıyev bildirib.
Uşaqlarla bağlı müraciətlərin son illər azaldığını deyən Nağıyev bunun səbəbini uşaq poliklinika sisteminin işinin düzgün qurulması ilə əlaqələndirib.
"Lakin bayram günləri, istirahət günləri uşaqlarla bağlı müraciətlərin sayı nisbətən artır. Bunun da səbəbi həmin günlərdə poliklinikaların işləməməsidir. Ümumiyyətlə, istirahət günlərində xidmətə çağırışların sayında 200-300 arası fərq qeydə alınır. Bu da istirahət günlərində poliklinikaların işləməməsi ilə əlaqədardır", - baş həkimin müavini deyib.
Nağıyev əksər hallarda sakinlərin təcili yardımın fəaliyyətini dərk etmədiyindən və xidmətə əsassız müraciətlərin olduğundan da gileylənib. O qeyd edib ki, bir qrup şəxslər həkim tərəfindən yazılan iynələrin vurulması, qan təzyiqinin ölçülməsi ilə bağlı "103" xidmətinə əsassız olaraq gün ərzində bir neçə dəfə müraciət edirlər.
Ötən il təcili yardımın çağırış yerinə 82 gecikmə halı olduğunu deyən Nağıyev bunun da səbəblərini açıqlayıb.
O bildirib ki, Bakıda avtomobillərin sayının çox olması, paytaxtda əhalinin sıx yerləşməsi, yollarda tıxacların olması, müraciət edənlərin yaşadıqları ünvanları dəqiq bilməməsi gecikmələrə səbəb olur.
"Təcili yardım xidməti 15 dəqiqə ərzində çağırış yerinə çatmalıdır. Biz əksər hallarda 10-12 dəqiqə ərzində çağırılan ünvanda oluruq. Bəzən müraciət edənlər təcili yardımı vaxtında çağırmır. Elə hallar olur ki, xidmətə müraciət edən vətəndaşlar öz ünvanlarını bilmir. Buna görə də təcili yardım maşını çağırılan ünvanı tapmaqda problemlərlə üzləşir. Bəzən həkimlərimizə qarşı haqsız təzyiqlər olur, onları döyürlər. Təcili yardımda heç bir halda bizim günahımızdan ünvana gecikmə, dərman və digər tibbi ləvazimatların olmaması səbəbindən xəstəyə yardım edilməməsi halı yoxdur", - baş həkimin müavini qeyd edib.
/Xezerxeber.Com/