
Artıq Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin xarici ölkələrə üz tutmasına çox da ehtiyac qalmayacaq. Çünki şəhərimizdə gənc həkimlər üçün yaradılan fürsət və xarici ölkədə keçəcəkləri təcrübə bu xəstəlikdən daha çox informasiya əldə etmək üçün imkan yaradacaq.
Bu gündən etibarən başlayan "Elmi-tibbi tədqiqatların müasir əsasları və istiqamətləri" adlı layihə də məhz bu məqsədi daşıyır. Gənc həkim və tələbələr bu fürsətdən yararlana bilərlər. 6 ay davam edəcək layihənin əsas məqsədi müasir elmi-tibbi tədqiqatların aparılması sahəsində mövcud olan müasir standart və biliklərin Azərbaycana gətirilməsidir. Layihənin sonunda qalib gələn şəxs Almaniyanın aparıcı elmi mərkəzlərindən birinə elmi ezamiyyətə göndəriləcək.
"Layihə 3 mərhələdən ibarət olacaq. I mərhələ seminarlar olacaq, II mərhələdə tədqiqatları təqdim edəcəklər", - deyə layihənin koordinatoru Gülay Babayeva vurğulayıb.
III mərhələdə isə təqdim olunmuş tədqiqat işlərinin nəticələri açıqlanacaq. Qalib gələn şəxs mükafatlandırılacaq.
Layihə artıq gənc tələbə və müəllimlərin diqqətini də cəlb edib. Xüsusən də Almaniyada təcrübə keçmək tələbələrin layihəyə marağını daha da artırır.
Qeyd edək ki, qalib şəxs Azərbaycan və İngilis dilini mükəmməl bilməli, eyni zamanda natiqlik qabiliyyətinə malik olmalıdır. Layihədə iştirak pulsuzdur.
/Ans.Az/