
Ağcabədidə 30 nəfər xiyar turşusundan zəhərlənib.
Azərbaycanın Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən kütləvi zəhərlənmə baş verib. Rayonun Taynaq kəndində ev şəraitində konservləşdirilmiş xiyar turşusundan 30-dan çox adam zəhərlənib. Nəticədə Ağcəbədi rayon xəstəxanasına yerləşdirilən xəstələrdən biri - 57 yaşlı Ofeliya Mehdiyeva dünyasını dəyişib. Xəstəxanaya müraciət edənlərdən 8-nin vəziyyəti ağır olduğu üçün onlar təcili olaraq Bakıya, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 60 yaşlı Füzuli Məmmədov xəstəxanada dünyasını dəyişib.
Həkim Arif Fərəcovun ANS-ə verdiyi məlumata görə, klinikaya 5 xəstə daxil olub: “Səhərə yaxın saat 04-05 radələrində 1 nəfər dünyasını dəyişib. İkisinin vəziyyəti ağır olduğundan reanimasiyadadırlar”.
Faktla bağlı Ağcəbədi rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Kənd sakinlərinin dediklərinə görə, zəhərlənmə hadisəsi qohumların toplaşdığı qonaqlıq mərasimində baş verib.
/Ans.Az/