
Sentyabrın 22-dən 24-dək Bakıda “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə XVI Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. “İteca Caspian”dan verilən məlumata görə, sərgidə dünyanın 15 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Kanada və İtaliyadan 100-dən çox şirkət iştirak edəcək. Sərgidə yerli və xarici iştirakçı şirkətlər ən yeni tibb və laboratoriya avadanlıqları, proqram təminatı, tibbi mebel, sterilizə avadanlıqları və s. təqdim edəcəklər.
“BİHE” sərgisinin debütantları arasında Bavariyanın Milli Qrupu da var. Sözügedən stendin iştirakçıları tərəfindən müasir tibbi avadanlıqlar və texnika, ortopediya məhsulları, dezinfeksiya vasitələri və s. təqdim olunacaq. Əczaçılıq sektoru Rusiya, Ukrayna və Belorusun eksponentləri tərəfindən geniş şəkildə təqdim ediləcək. Polşa və Almaniya şirkətləri xaricdə müalicə ilə bağlı stend nümayiş etdirəcəklər. Sərgidə bu il ilk dəfə olaraq, bio-səhiyyə, nüvə səhiyyəsi, səhiyyədə nanotexnologiyalar kimi yüksək texnoloji səhiyyə sektorları olacaq. Regionda aparıcı mövqeyə sahib olan səhiyyə sərgisi olan “BİHE” yeni əlaqələrin yaradılması, mövcud əlaqələrin möhkəmləndirilməsi üçün, habelə Azərbaycan səhiyyə bazarı ilə hərtərəfli tanış olmaq üçün çox əhəmiyyətlidir.
Sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilir.
Sərgi haqqında ətraflı məlumatı http://www.bihe.az/2010/ saytından öyrənə bilərsiz.