
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H1N1 vürusunun yayılması ilə bağlı təhlükəni düzgün qiymətləndirmədiyini etiraf edib. ÜST-ün yoluxucu xəstəliklər üzrə mütəxəssisi Keyci Fukuda bildirib ki, pandemiyanın BMT agentlikləri sistemi
tərəfindən elan olunmuş 6-cı dərəcəsi özünü doğrultmayıb və insanlarda əsassız kütləvi narahatlıq yaradıb.
"Amma bu da faktdır ki, o zaman xəstəlik haqda ətraflı məlumat yox idi. Biz əhalini kifayət qədər uğurlu şəkildə məlumatlandırmağa macal tapmadıq və bir çoxları
bunu qeyri-şəffaf proses kimi təqdim etdi."
K.Fukuda bu bəyanatla qrip üzrə 29 mütəxəssisin iştirakı ilə keçirilən üçgünlük yığıncaqda çıxış edib. O, təklif edib ki, "söhbət pandemiyanın 1-ci dərəcəsindən" getsin. Xatırladaq ki, ÜST bu dərəcəni artıq 40 ildir ki, elan edib.
Bir çox tənqidçilər hesab edir ki, məhz ÜST mütəxəssislərinin şübhəli bəyanatları yeni virusla bağlı bütün dünyada panika yayılmasına və nəticədə kütləvi şəkildə yeni vaksinlər alınmasına səbəb olub. ÜST panika sayəsində dünya dərman sənayesinin külli miqdarda qazanc əldə etməsində də dolayısı ilə günahlandırılır.
Qeyd edək ki, təxminən bir il öncə ilk dəfə Meksika və ABŞ-da meydana çıxan H1N1 virusu 213 ölkədə 17770 insanın ölümünə səbəb olub.
/Milli.Az/