
Sitomeqalovirus infeksiyası adı az eşidilmiş olan ancaq olduqca sıx müşahidə edilən virus infeksiyasıdır. İnsanların əksəriyyəti bu infeksiyanı uşaqlıq dövründə heç fərqinə varmadan gizlində keçirir. Ancaq hamiləlik dövründə keçirilən infeksiya körpəyə yoluxduqda inkişaf geriliyi, karlıq, zəka geriliyi, gec yerimə, gec öyrənmə kimi istənməyən vəziyyətlərə yol aça bilir. Bu risk xüsusilə əvvəlcədən infeksiyanı keçirməmiş ana namizədlərində daha yüksəkdir.
Sitomeqalovirus (Cytomegalovirus, CMV)
herpes ailəsindən olan virusdur. Bu ailəyə daxil olan digər viruslara uçuğa səbəb olan Herpes Simplleks virusu və su çiçəyinə səbəb olan Varicella-Zoster virusunu misal göstərmək olar. Bütün coğrafi bölgələrdə rast gəlinən bu virusun səbəb olduğu infeksiya ən sıx qarşılaşılan infeksiyalardan biridir. CMV eyni zamanda anadan qarınındakı körpəyə yoluxan infeksiyalar arasında da ən sıx qarşılaşılanlardandır. Yetərli diaqnoz üsullarından istifadə edildikdə yenidoğulmuşların təxminən 1%-ində bu virus müəyyən edilir.
CMV infeksiyaları uşaqlar da daxil olmaq üzrə hər yaşdan adama təsir edə bilər. CMV insanlara hava-damla infeksiyası yoluyla (eyni havanın tənəffüs edilməsiylə digər insanlardan) yoluxa biləcəyi kimi, sağlam insana tüpürcək, sidik, nəcis, ana südü, vaginal ifrazat, sperma kimi bədən ifrazatlarına təmasla da yoluxa bilər. Semendə və vaginal mayelərdə də tapıldığından cinsi əlaqə ilə də yoluxması mümkündür. Nadir hallarda qan nəqli əsnasında yoluxma reallaşa bilər. Klinika baxımdan əhəmiyyətli olan bir başqa yoluxma yolu da hamiləlik əsnasında anadan doğulmamış körpəsinə yoluxmadır. Bu mövzuda biz əsasən bu yoluxma üsulundan bəhs edəcəyik.
İnfeksiya əksərən uşaqlıq çağında keçirilər. İnfeksiyanı hələ keçirməmiş olan yaşlı şəxslərə virus körpələr evi ya da məktəb kimi toplu yerlərdə viruslu uşaqlardan keçər. Yoluxma yollarının məşhurluğu səbəbiylə cəmiyyətdə ən az 50%-lik bir seqment daha əvvəldən bu infeksiyanı keçirmiş haldadır. Bu nisbət sosial səviyyəsi aşağı seqmentdə daha da yüksək - 80% civarında ola bilər.
Əlamətləri: Sitomegalovirüs infeksiyalarının böyük bir qisimi əlamətsiz seyr edər. Buna hamiləlikdə keçirilən infeksiyalar da daxildir. İnfeksiyanı keçirən ana namizədlərinin ancaq 15%-ində tempratur, boğaz ağrısı, limfadenopatiya (limfa vəzlərinin şişməsi), oynaq ağrıları kimi xüsusi olmayan əlamət və tapıntılar müşahidə edilir.
Xüsusilə immun sistemi müxtəlif səbəblərlə zəifləmiş kəslərdə (AIDS xəstələri və orqan nəqli səbəbiylə immunitet sistemini zəiflədici dərman istifadə etmək məcburiyyətində olanlar kimi) infeksiyalar daha sıx müşahidə edilir və daha ciddi klinika verir.
İlk dəfə keçirilən CMV infeksiyası bədəndə spesifik immunitet əmələ gətirir. Ancaq bu immunitet tam deyil. Beləki, suçiçəyi, qulaqdibi (parotit) kimi infeksiyalardan fərqli olaraq xəstəliyi bir dəfə keçirmək, ikinci dəfə bu xəstəliyi keçirməmək anlamına gəlməz. Sitomeqalovirusla birinci dəfə yoluxma zamanı primer (ilk) infeksiya adı verilən bu prosesdən sonra virus bədənə yerləşər və müxtəlif zamanlarda təkrar-təkrar infeksiyaya yol aça bilər. Sonradan müxtəlif zamanlarda yaranan infeksiyalara rekkurent (təkrarlayıcı) infeksiyalar deyilir. Təkrarlayıcı infeksiyalar çox daha az sıxlıqla və daha yüngül əlamətlərlə klinika göstərirlər.
Hamiləlikdə keçirilən infeksiya plasenta (cift) yoluyla körpəyə keçə bilir. Körpəyə keçən infeksiya isə intrauterin inkişaf geriliyi (İUGG), mikrosefaliya (başın kiçik olması), intrakranial kalsifikasiya (beyin toxumasındada əhənglənmə sahələri), korioretinit (göz infeksiyası) və korluq, zəka geriliyi, hərəkət aparatında inkişaf geriliyi (gec yerimə kimi), eşitmə itkisi, qaraciyər və dalaqda böyümə, sarılıq, qansızlıq, diş anomaliyaları, mental retardasiyalar (gecikmələr), optik və serebral atrofiyalar, sümük deformasiyaları kimi patologiyalara səbəb ola bilər.
Virus infeksiyasının təsiriylə yaranan bu vəziyyətlərin bir qismi dərhal doğum sonrasında aşkar olunurkən (sarılıq, başın kiçik olması, doğum çəkisinin aşağı olması kimi), bəziləri körpə böyüdükcə ortaya çıxır (karlıq, gec yerimə, zəka geriliyi kimi).
Hamiləlikdən əvvəl ana namizədlərinin əksəriyyəti bu infeksiyanı keçirmişdir. Buna bağlı olaraq tam olmasa da immunitet meydana gəldiyindən bu ana namizədlərinin bir qismində təkrarlayıcı infeksiya əmələ gəldikdə infeksiyanın körpəyə yoluxma riski, körpəyə yoluxduqda isə körpədə istənməyən vəziyyətlər əmələ gətirmə riski olduqca aşağıdır.
Daha əvvəldən heç bir şəkildə bu infeksiyanı keçirməmiş ana namizədlərində isə cədvəl dəyişir. Bu ana namizədlərinin 1-4%-lik qisimində hamiləlik əsnasında ilk infeksiya meydana gəlir. Bu vəziyyətdə bədəndə demək olar ki, heç immunitet olmadığından infeksiyanın körpəyə yoluxma riski yüksəkdir (40% infeksiya körpəyə yoluxar). Ancaq körpəyə yoluxduğunda "bu mütləq hansısa anormal bir vəziyyətə gətirib çıxaracaq" mənasını vermir. Bu ana namizədlərinin təxminən 90%-ində körpə normal doğulur. Bu normal körpələrin az bir qisimində irəlidə infeksiya təsirləri ortaya çıxa bilər. Doğumda infeksiya əlamətləri müşahidə edilən 10%-lıq körpədə isə infeksiyayla əlaqədar olaraq ağırlaşma meydana gəlmə ehtimalı daha yüksəkdir.
Ana namizədində primer CMV infeksiyasının rast gəlinmə ehtimalı 0,4-0,7% arasındadır. Anadan körpəyə yoluxma isə 24-75% arasında olub orta qiymət 40% olaraq qəbul edilir. Yoluxan 40% körpənin yalnız 10%-ində anadangəlmə CMV infeksiyasına bağlı əlamətlər ortaya çıxar. Bir başqa deyişlə hamiləlikləri əsnasında primer CMV infeksiyası keçirən hər 100 ana namizədindən yalnız dörd nəfəri körpəsində problemlə qarşılaşarkən, 36 ana namizədində doğum anında problem yaşanmaz. Ən sıx təsirlənən orqanlar beyin, gözlər, qaraciyər, dalaq, qan və dəridir. Bu körpələr müalicələrlə həyatlarını davam etdirə bilirlər. Doğum əsnasında əlamətlərin müşahidə edilmədiyi 90% körpənin (yuxarıdakı nümunədə 36 körpə) isə 10-15%-ində uzun müddət sonra təsirlər ortaya çıxa bilər.
Hamiləlikdə rekkurent (təkrarlanan) CMV infeksiyasının əmələ gəlmə ehtimalı primer infeksiyanın rast gəlinmə ehtimalından daha çoxdur və 1-14% arasında dəyişir. Buna qarşılıq rekkurent infeksiyaların körpədə anadangəlmə infeksiyaya gətirib çıxarma riski daha aşağı olub 0,2-2% arasında dəyişir. Buna paralel olaraq anadangəlmə CMV infeksiyası olan körpələrin də sadəcə 1%-ində əlamətlər ortaya çıxar. Ancaq primer infeksiyada söz mövzusu olan 10-15%-lik uzun dövr təsir riski təkrarlanan infeksiyalarda da mövcuddur. Ana namizədindən körpəyə sitomeqalovirus yoluxma riski mövzusunda hamiləlik müddətinin hər hansı bir təyinedici dəyəri yoxdur. Ancaq 20 həftədən əvvəl olan yoluxmalarda problem ortaya çıxma riski daha yüksəkdir.
Çox təəssüf ki xeyli çox virus infeksiyalarında olduğu kimi hamiləlik əsnasında ya da digər zamanlarda ortaya çıxan CMV infeksiyalarında da təsirli bir müalicə variantı yoxdur.
Diaqnoz məqsədilə qanda seroloji reaksiyalar qoyulur. Qanda CMV-ə qarşı əmələ gəlmiş əkscisimlər (anticisimlər) axtarılır. Qanda sitomeqalovirusa xas IgG anticismində (İmmunoqlobulinG) iki ayrı ölçüdə dördqat artım (analiz iki dəfə aparılır, əgər ikinci dəfə alınan nəticə birincidən 4 dəfə çoxdursa), ya da alınan tək nümunədə IgM anticisminin müəyyən olunması ilk infeksiyaya (primer) diaqnozun qoyulması deməkdir. Daha əvvəldən IgG anticismi təyin olunmuş şəxslərdə yalnız IgG anticisminin yüksəlməsi (IgM yüksəlməməlidir) təkrarlanan infeksiya diaqnozu deməkdir. Ancaq CMV digər viruslarla çarpaz reaksiya verə bildiyindən səhv nəticələr də nisbətən çoxdur.
Bəzi vəziyyətlərdə də ultrasonoqrafiyada İUGG (intrauterin inkişaf geriliyi), mikrosefaliya və ya beyin toxumasında kalsifikasiyalar (əhənglənmələr) müəyyən olunmasıyla bu infeksiyadan şübhələnilər və qanda anticisim səviyyəsini ölçməklə diaqnoz qoyular.
Qorunmaq: Hamiləlikdə hər ana namizədinə virusa xas IgM və IgG analizinin lazımlı olub olmadığı hələ dəqiqləşmiş deyil. Ancaq hamiləliyin planlaşdırıldığı dövrdə ya da hamiləliyin erkən dövrlərində IgG anticisminin ölçülməsi fayda verə bilər. Sitomeqalovirus IgG müsbət olaraq təyin olunması daha əvvəldən infeksiyanın keçirildiyini və bu səbəblə hamiləlikdə təkrarlayıcı infeksiya keçirilsə belə bunun körpəyə təsir etmə ehtimalının aşağı olduğunu göstərərək ana namizədi üçün rahatlaşdırıcı bir məlumat ola bilər.
Sitomeqalovirus hələ peyvəndsiz, təsirli bir müalicəsi olmayan bir virusdur. Buna görə şəxsi gigiyena qaydaları və cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq üçün alınan tədbirlər xaricində ana və ata namizədlərinin edə biləcəyi başqa bir şey yoxdur. İnfeksiyanı keçirməkdə olan anaların körpələrinə yoluxdurmamaq üçün körpələrini əmizdirməmələri son dərəcə əhəmiyyətlidir.
Müəllif: A.Orxan