
Azərbaycanda 2009-cu il ərzində 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb.
Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir. Qeydiyyata alınanların 437 nəfəri Azərbaycan, 18 nəfəri isə əcnəbi vətəndaşdır. Azərbaycan vətəndaşı olan yoluxanlardan 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub.
Məlumatda bildirilir ki, ötən il ərzində HİV-ə yoluxma hallarının 62,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insan qeydə alınıb, bunların da 637-i (29,3%) Bakı şəhəri və Abşeron rayonunun payına düşür.