
Hamiləlik zamanı həyata keçirilən məşğələlər doğuşu asanlaşdırır
İdman hamiləlik zamanı mühüm əhəmiyyətə malikdir. İdman məşğələləri ilə məşğul olan hamilə qadın fiziki baxımdan özünü daha yaxşı hiss edir, artıq çəki almır, əzələlərinin elastikliyi artır. İdman həm də qan dövranının, nəfəs yollarının fəaliyyətini bərpa edir, qanda şəkərin səviyyəsini saxlayır, yuxusuzluq, bel ağrılarının azalmasına kömək edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hamiləlik zamanı həyata keçirilən məşğələlər doğuşu asanlaşdırır. Lakin hər ehtimala qarşı hamilə qadınlar idman məşğələlərinə başlamazdan öncə həkimlə məsləhətləşməlidirlər.
Ən asan məşğələ qaçışdır
Qaçış zamanı rahat, tərləməyə səbəb olmayan pambıq paltarlar geyməli, qaçış müddəti 30 dəqiqəni keçməməlidir. Üzgüçülük də hamiləlikdə əsas rol oynayan idman növüdür. Xüsusən 2-3 aylıq dövrdən sonra yerinə yetirilməsi mümkün olan məşğələlər qan dövranını artırır, bel və kürək ağrılarını azaldır.
Nəfəs məşğələləri
Nəfəs almaq həm döş qəfəsi, həm də qarın əzələlərini inkişaf etdirir. Nəfəsi saxlamaq, dərindən nəfəs alıb gözləmək, kiçik nəfəslər (sadəcə döş qəfəsi ilə tez-tez nəfəs alıb-vermə) ağrılar zamanı daha faydalıdır.