
Adətən hamiləyə belə deyirlər: “sən iki nəfərin əvəzinə yeməlisən!”
Amma elə deyil. Həkim məsləhət görməyibsə, çox yeməyin mənası yoxdur. Hamilə qadın yeməyin kəmiyyətinə deyil, keyfiyyətinə nəzarət etməlidir. Ancaq hamilənin iştahası barədə yəqin çox şey eşitmisiniz. Kimi hamiləliyin ilk ayları qatıqdan, ya da, məsələn, şirniyyatdan başqa bir şey yeyə bilmədiyini deyir. Kimi də nəinki ekzotik şeylərə meyl edir, üstəlik gecənin bir aləmində durub divarın gəcini, təbaşiri, karandaşı, ya da diş pastasını yeməkdən özünü güclə saxlayır. Bəs həkimlər nə deyir? Hamilə qadının qışın oğlan çağında qarpız arzusuna düşməsinin səbəbi nədir? Qadın nazlanır, yoxsa doğrudan da ehtiyacı var?
Həkimlərin cavabı birmənalı deyil. Hamilənin iştahasını dəyişən faktorlar çoxdur; orqanizmdə gedən yeni proses, harmonal dəyişikliklər, psixoloji və hətta milli xüsusiyyətlərdən irəli gələn faktorlar var.