|
Səhiyyə: Respublikada quş qripi xəstəliyinə yoluxma halları yoxdur | |
| 27 Yanvar 2009 |
Yanvarın 12-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış cari ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 33 baş çöl quşunun, 3 baş ev quşunun patoloji materialı, həmçinin ölkəmizin ayrı-ayrı quşçuluq və həyatyanı təsərrüfatlardan gətirilən 1982 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, müayinə edilmiş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməmişdir. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməmişdir. Xatırladaq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmışdır. Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövdət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri fevral ayının 16-da başlanması nəzərdə tutulur. Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və ondan qida məhsulu kimi istifadəsi qadağandır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzi
|
|