|
Səhiyyə: Sanitar nəzarət gücləndirilir | |
| 30 Dekabr 2008 |
Səhiyyə Nazirliyi çörək, qənnadı məmulatları, taxıl saxlama anbarları və un dəyirmanları üçün yeni sanitariya norma və qaydaları hazırlayıb. 2008-ci ildə əhalinin sanitariya-epidemioloji sağlamlığının qorunması sahəsinə 15 milyon manat xərclənib. 2009-cu il il bu sahəyə 22,22 milyon manat ayrılması planlaşdırılıb. Bu isə 2004-cü illə müqayisədə təxminən 7 dəfə, 2008-ci illə müqayisədə isə 70 faiz çoxdur.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov açıqlamasında bildirib ki, 2008-ci ildə Qobustanda, Nərimanov rayonunda, Abşeron və Ağdaşda yeni Gigiyena və Epidemiologiya mərkəzləri istifadəyə verilib. Həmçinin xidmətin laborator imkanlarının artırılması məqsədilə “Səhiyyə sektorunun İslahatları layihəsi” çərçivəsində 8 dəst müasir bakterioloji laborator avadanlığı alınıb.
Onun sözlərinə görə, yoluxucu xəstəliklərlə mübarizə, immunoprofilaktika tədbirləri üçün normativ sənədlər də hazırlanıb. Hazırda “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Çörək və çörək məhsulları, qənnadı məmulatlarının istehsalı müəssisələri üçün sanitariya norma və qaydaları”, “Taxıl saxlama anbarları və un dəyirmanları üçün sanitariya norma və qaydaları”, “Makaron sənayesi müəssisələri üçün sanitariya norma və qaydaları”, “Tibb müəssisələrin layihələndirilməsi və istismarına dair tələblər” sanitariya norma və qaydaları təsdiq olunmaq üçün razılaşdırma mərhələsindədir.
|
|