|
LOR: Angina | |
| 5 Dekabr 2008 |
Anqina- badamcıqların kəskin iltihabi prosesidir. Badamcıqlar udlağın girəcəyinin kənarlarında yerləşirlər, ağız açıq olanda yaxşı görünürlər. Anginanın törədiciləri viruslar, streptokokklar, stafilokokklar, pnevmokokklar və s. ola bilərlər. Yoluxma hava-damcı yolu ilə və ya mikroorqanizmlərin qanla xroniki infeksiya ocaqlarından badamcıqlara keçməsindən yaranır. Ümumi və ya yerli soyuma anginaya meylliliyi yaradır.
Anginanın kataral, follikulyar, lakunar və fleqmanoz növləri vardır.
Simptomlar və gedişat
Xəstəlik kəskin başlayır. Hərarət 40°C və daha yüksəyə qalxa bilər. Eyni zamanda xəstələrdə əzginlik, baş ağrısı, zəiflik, oynaqlarda və bütün bədəndə ağrılar, üşütmə və ya titrətmə şikayətləri olur. Xəstələrin yuxusu narahar olur, iştahı azalır, udqunma ağrılı olur.. Güclü ağrılardan xəstə boğazındakı tüpürcəyi uda bilmir, ağzindan tökülür. Dil quruyur, ağ ərplə örtülür.
Kataral anginada badamcıqlar tünd qırmızı və şişkin olurlar,seliklə örtülürər.
Follikulyar anginada badamcıqlarda çoxsaylı dairəvi noxud boyda sarı-ağ çirkli follikullar əmələ gəlirlər. Qızarmış badamcıqların dərin lakunalarında (çökəklərindən ) baş qaldıran sarı-ağ ərp lakunar anginadan xəbər verir. Ərpi asanlıqla pambıqla təmizləmək olur.
Çənəaltı limfa vəzlər böyüyürlər və ağrılı olurlar. Xəstəlik 5-7 gün çəkir.
Angina revmatizmin agır hallarına, qlomerulonefritə və artritə səbəb ola bilər.
Soyuğun təsirindən qan damarları sıxılır, udlağ və badamcıqların qanla təminatı pozulur. Bu da xəstəlik törədən mikroorqanizmlərin yüksək sürətlə artmasına şərait yaradır. Mikrobların ifraz etdiyi toksinlər qana sorularaq orqanizmin ağır intoksikasiyasını törədirlər.
Diaqnoz
Angina, adətən, kəskin başlayır. Birdən – birə boğazda acılıq və quruluq hissi əmələ gəlir. Sonra elə güclü boğazağrısı olur ki, nəinki quru yeməyi, hətta mayeni belə udmaq olmur. Hərarət qalxır, xüsusən də uşaqlarda(38-40 °C qədər). Ümumi zəiflik, halsızlıq, baş ağrısı, ətraflarda ağrılar olur.
Çənəaltı limfatik vəzlər böyüyürlər və ağrılı olurlar. Əgər güzgü götürüb agıza baxılsa, badamcıqların qızartısını və böyüməsini görmək olar.İrinli anginada badamcıqlar sarımtıl ərplə örtülürlər. Xəstəlik 5 -7 gün çəkir. Əgər ağırlaşma baş verməzsə, xəstəlik ötüb keçir, lakin hərarət uzun müddət qala da bilər.
Angina ciddi xəstəlikdir, agırlaşma halları ola bilər, ona görə də vaxtında və düzgün diaqnoz qoyulması çox vacibdir. Bundan əlavə onu çox vaxt daha ağır xəstəlik olan difteriya ilə səhv salmaq olar. Müayinə zamanı həkim xəstənin boğazına baxır, şikayətlərinə qulaq asır, qan və sidik analizi təyin edir, həmçinin difteriyaya görə boğazdan yaxma götürülür.
Müalicə
Anginanın müalicəsi adətən ambulator aparılır. Ciddi yataq rejimi vacibdir. Anginanın yüngül forması sulfanilamid preparatları ilə, ağır formaları isə antibiotiklərlə müalicə olunur. Antibiotikləri yalnız həkimtəyin etməlidir, özbaşına müalicə olunmaq məsləhət görülmür.
Bütün angina xəstələrinə çoxlu maye, şirələr, sulu , kalorili, vitaminli xörəklər məsləhət görülür. Gündə 6 dəfəyədək boğazın qarqarası məsləhətdir. Bunun üçün isti permanqanat kalium, qramisin, furasilin, soda, duz, şalfey və çobanyastığı məhlullarından istifadə edirlər. Həmcinin, aspirin, antihistamin preparatlar(suprastin, taveğil, klaritin və s.) , vitamin C, rutin istifadə olunur.
Boğazda limfatik vəzlərin boyüməsi və ağrılı olması halında gecələr qızışdırıcı, gündüzlər isə isti quru sarğı məsləhət görülür.
Angina revmatizmin elçisi ola bilər. Əgər angina ilə xəstələndikdən bir neçə həftə sonra oynaqlarda ötüşən ağrılar olarsa, revmatoloqa müraciyət etmək lazımdır.
Xroniki tonzillitdə çox vaxt cərrah müdaxiləsi effekt verir:
palliativ (lakunotomiya, lakunların təmizlənməsi, lazerlə təsir).
tonzillotomiya – badamcıqların qismən götürülməsi.
tonzilloektomiya – badamcıqların tam götürülməsi.
Digər müalicə üsulları effekt vermədikdə cərrahi müdaxilə tətbiq olunur.
Profilaktika
Ağız gigiyenasına riayət edilməsi, xroniki tonzillitin, kariesli dişlərin müalicəsi. Təkrar olunan hallarda – badamcıqların çıxarılması.
|
|