|
LOR: Haymorit | |
| 3 Dekabr 2008 |
Haymorit üst çənə cibinin iltihabıdır, sinusitin (burunətrafı ciblərin iltihabı) bir növüdür. Qaymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşmasında olur. Ən cox rast gəlinən səbəb kimi isə yuxarı dörd arxa dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğunu göstərmək olar. Haymoritin aşağıdakı formaları var:
I kəskin haymorit
a)kataral
b)irinli
c)allergik
d)odontogen
II Xronik haymorit
a)Ödemli-kataral
b)irinli
c)qarışıq
d)allergik
e)odontogen
Simptomlar və gedişat
Əsas şikayət zədələnmiş cib tərəfində olan təzyiq, gərginlik hissi, daha ağır hallarda isə yanaq, yuxarı dişlər və gicgah ağrılarıdır. Öskürərkən, asqırarkən, başı aşağı əyərkən, alkoqoldan sonra başa qan dövranının artması ilə əlaqədar ağrı güclənir. Eyni zamanda burundan birtərəfli və ya ikitərəfli selik və ya çirk axır. Başı qabağa əyərkən seliyin miqdarı artır.
İybilmə qabiliyyəti zəifləyir. Xəstə burnunda xoşagəlməz iy hiss edir. Prosesin kəskin gedişatında hərarət 38-39 dərəcə , lakin subfebril ( 37,9) də qala bilər. Zədələnmə hissəsində dəri bir qədər şişkin olur.
Diaqnoz
Diaqnoz xəstənin şikayəti, baxış, rentgenoloji müayinələr, xüsusi iynənin köməyilə üst çənə cibinin punksiyası əsasında qoyulur. Rentgenoqrammada üst çənə cibinin qaralmış yerləri, punksiyada isə tərkibi müəyyənləşdirilir.
Müalicə
Adətən konservativdir. Damar büzüşdürücü damcılar, məlhəmlər, tozlar (efedrin, qalazolin, naftizin, sanorin, adrenalin) seliyi azaltmaq üçün burun boşluğuna tökürlər. Xəstəliyin ağırlığından asılı olaraq antibiotik və sulfanilamidlər yazılır.
İltihabəleyhinə fiziomüalicə vasitələri (göy işıq, sollyuks, USM, mikrodalğalar) tətbiq olunur.
Çənəaltının yuyulması və punksiya yolu ilə (yerli anesteziya ilə) dərmanların (antibiotiklər, fermentlər, hormonlar və s.) yeridilməsi ən effektiv üsuldur.
Ağırlaşmalar: irinli və seroz meningitlər, kəsiklərin, şişlərin, qabarların əmələ gəlməsi.
Ağırlaşmalar olmadıqda xoş proqnoz vermək olar. Bəzi hallarda kliniki cəhətdən kəskinlərdən az seçilən xroniki formalara keçid mümkündür. Bu halda cərrahi müdaxilə aparılır.
|
|